Reklam verin!
HostGator
May 23, 2008 16:31 tarixində, eserler tərəfindən, PUBLİSİSTİKA bölməsində yazılib       Şərhlər(3)      Baxış sayı:99

                                      

                                         ÜÇÜNCÜ  ALDANIŞ

   Məndə həmişədən belə bir hiss formalaşıb: görəndə və ya duyanda ki, hansısa müəyyən bir məqamda kiminsə mənə yazığı gəlir, o zaman, inanın ki, mənim özümün özümə çox yazığım gəlir...


Bu mənada, hiss edəndə ki, hansısa bir xalqın, mənim xalqıma (başımıza gələn və gətirilən müsibətlərlə bağlı) yazığı gəlir, o zaman mənim də öz xalqıma yazığım gəlir. Yəni heç zaman istəməmişəm ki, kiminsə mənə və ya xalqıma yazığı gəlsin. Əvvəla bu yazıqlığı mən böyük bir bədbəxtlik sayıram və öz yazıqlığını da, bilərəkdən nəzərə çarpdırmaq istəyənlərdən isə sadəcə, xoşum gəlmir. Yəni, kamil insanın (xalq da ola bilər) yazıqlığını, mənə elə gəlir ki, özündən savayı kimsə hiss etməməlidir. Tanrı kimsəni və ümumiyyətlə, heç bir yaxşı xalqı yaman günə, yazıq günə salmasın. Ümumilikdə hamımıza Tanrının rəhmi gəlsin, hamımızı Tanrı özü bağışlasın.Hər il fevralın iyirmi altısı gələndə, ümumiyyətlə bu təqvim yaxınlaşmağa başlayanda əhvalım dəyişir. Özümü, olduqca narahat və yazıqlaşmış kimi hiss edirəm. Təkcə ona görə yox ki, xalqımızın başına dəhşətli müsibətlər gətirilib, həm də ona görə ki, yenə də bütün dünya, dəhşət doğuran insan mənzərələrini ser etdikcə, bizə yazıq, kimsəsiz bir xalq kimi baxacaq; həm bu müsibətlərə görə, həm də bu acı müsibətlər girdabından hələ də siyrilib çıxa bilmədiyimizə görə (bəlkə də belə deyil). Bax, bu zaman mənim özümə və xalqıma yazığım gəlir. Hər dəfə də içimdən üsyankar bir hayqırış qopub gəlir: “Xeyr! Mənim xalqım yazıq xalq deyil! Yazıq, mənim xalqımı yazıq günlərə salmaq istəyənlərdir!” Və mən belə bir qənaətdəyəm ki, qan içndə çabalayaraq, düşmən gülləsinə can verən bir qəhrəman, heç də yazıq deyil...Bir neçə gün sonra fevralın iyirmi altısı olacaq. Uzaqdan bir qaraltı dəyir gözlərimə. Hələ adi bir qaraltıya bənzəyir. Amma o qaraltının adi bir qaraltı yox, vəhşətli, dəhşətli, qorxunc bir kabus olduğunu duymaya bilmirəm. Qaraltı get-gedə böyüyür. Sonra iri, qanlı pəncələr. Sonra torpaqda görünən qanlı şırımlar, altı mıxlı, qara çəkmələr. Qaraltı yaxınlaşdıqca böyüyür, öz qorxunc halına gəlir. Zülmət gecəni bir niqab kimi üzünə salaraq, üzündən, nur əvəzinə qan daman bir dəhşətli günün nəhayət özü görünür. Son dərəcə qorxunc, vahiməli görünən bu günün bağrından qəfil tanklar, möhkəm silahlanmış erməni quldurları çıxırlar. Sonra əliyaln, köməksiz soydaşlarımız, saysız-hesabsız güllələr, qarlı düzlərə, dərələrə sərilmiş, təhqir olunmuş meyitlər... Bir neçə il öncə, Xocalı Soyqırımının ildönümüylə əlaqədar telekanalların birində belə bir sorğu keçirmişdilər: “Sabah nə günüdür?” Bu sualı hərə bir cür cavablandırmışdı. Biri demişdi ki, fevralın iyirmi altısı su bayramıdır. Digəri bir ayrı şey söyləmişdi. Hətta yaşlı adamlardan da bu sorğunu düzgün cavablandıran olmamışdı. Ən acınacaqlısı və ən dəhşətlisi isə dövlət məmurlarından birinin bu suala münasibəti olmuşdu. O, sualı cavablandırmaq əvəzinə telejurnalistə təpinmiş, onu başından rədd edərək, söyləmişdi: “Günah səndə deyil, e, səni mənim yanıma buraxandadır!..” Həmin il, həmin gün, həm də müqəddəs Novruz bayramımızın ilk çərşəmbəsiydi. Həmin çərşəmbə axşamı küçələrdə qalanmış tonqallardan hoppanırdı uşaqlar və böyüklər. Nə qədər acı da olsa, mən o tonqalların ətrafında uşaq, qoca, qadın meyitləri görürdüm. Başqa cür ola da bilməzdi. Həmin gün həm Xocalı Soyqırımı günü, həm də ilk çərşənbə idi... Deyəsən, bu il də onlar üst-üstə düşür. Hərdən düşünürəm ki, yəqin o qanlı-qadalı gün bu bayram çərşənbəsində gəlir ki, öz günahlarını, öz qorxunc sifətinin qarasını bu çərşənbə sularında yuyub təmizləsin və xalqımızdan üzr istəsin...Görəsən, yenə də telekanallar, əhali arasında, Xocalı Soyqırımıyla bağlı sorğu aparılacaqmı ki, sabah nə günüdür?..  Görəsən, yenədəmi canımızdakı, qanımızdakı unutqanlıq mərəzi özünü göstərəcək?..Bir gün bir nəfər, ulu peyğənbərimiz Məhəmməd peyğənbərə pislik edir və əvəzində yaxşılıq görür. Başqa birisi bundan təəccüblənərək, peyğəmbərimizdən soruşur ki, axı o adam sənə pislik edir, bəs sən niyə ona yaxşılıq edirsən? Peyğənbərimizin cavabı belə olur: “Əgər o, öz pisliyindən əl çəkmirsə, mən niyə öz yaxşılığımdan əl çəkməliyəm?” Yarandığı gündən öz yaxşılığından, xeyirxahlığından qalmayan Xalqım! Bunlara baxmayaraq, hər zaman yağıların tapdağına, işgəncəsinə məruz qaldın. Yaxşılıqlarının cavabı pisliklər və aldanışlar oldu. Və yenə də ulu peyğəmbərimizin müqəddəs kəlamı düşür yadıma. Təxminən belədir: ey məni aldadan kəs, sənə lənət. İkinci dəfə məni aldatsan, yenə sənə lənət. Üçüncü dəfə aldansam, mənə lənət!.. Nə qədər gözəl bir deyim!Özünün rəzilliyi, ikiüzlülüyü, mənfurluğu və iyrəncliyi ilə, nəinki bizim xalqımızı, hətta dünyanın özünü zara gətirən ermənilər bir dəfə bizi aldatdılar və sonda min doqquz yüz beşinci il hadisələri baş verdi. Bununla onlar lənət qazandılar. Az sonra biz hər şeyi unudub, onları təzədən bağrımıza basıb, əzizlədik. Bax, bu da ikinci aldanışımız idi ki, nəticəsi min doqquz yüz on səkkizinci il qırğınları oldu. Bunun da üstündən çox keçməmiş erməniləri yenidən bağrımıza basıb əzizlədik və ürəyimizdə onlara yer ayırdıq. Və bu dəfə də ermənilər lənət qazandılar. Üçüncü dəfə biz aldanmamalıydıq və... Nə yazıq ki, üçüncü dəfə də aldandıq və min doqquz yüz səksən səkkizinci il müsibətləri başlandı. Bəli bu, bizim üçüncü aldanışımız idi... Məhz iyirmi altı fevral günü - öz dəhşəti, vəhşətı və qan-qadasıyla yaddaşımızda qanlı bir yarğan açmış həmin gün, bax, həmin üçüncü aldanışımızın bətnindən doğuldu ömrümüzə, taleyimizə, həyatımıza... Tanrı xalqımızı yeni aldanışlardan və yeni bəlalardan hifz eləsin! Amin!..




1
vüsalə yazıb:

Zəka müəllim, hekayəniz xoşuma gəldi. Pis yazmırsınız. Amma mən sizi müğənni kimi tanıyır və ifanızı çox bəyənirdim. Mənə elə gəlir ki, siz müğənni kimi daha çox uğur qazana bilərsiniz. Bəlkə də yanılıram... Sizə bol-bol şanslar arzulayıram-hər iki sahədə

İyun 8, 2008 11:18

2
rasim yazıb:

Müqayisə, bənzətmə çox yaxşıdır. Ümumilikdə hər şey bəyəniləndir. Ruhdan düşməyin!

İyun 8, 2008 11:20

3
zəka yazıb:

Vüsalə xanım, xoş sözlərinizə görə minnətdaram. Amma unutmayın ki, "Üçüncü aldanış" adlı yazım hekayə deyil...

İyun 8, 2008 12:51

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha